Gizlidi
Aşkar olan heç nə yoxdu, Həyatda hər şey gizlidi. Baxdığın göylər qapalı, Yer gizlidi, göy gizlidi.
Qaranın üzü sürtülü, Hara gəldi hey dürtülü. Yaşılın üstü örtülü, Mavi gizli, göy gizlidi.
Doğranan, dəlinən deyil, Kəsilən, bölünən deyil. Dodaqda çalınan deyil, Könüldəki ney gizlidi.
“Bağ”dan “Boq”a yol gəlmişik, Tərs yeriyib, sol gəlmişik. Dərddən əli bol gəlmişik, Sevinc gizli, toy gizlidi.
Bağdaddadı, Misirdədi, Təbrizdəki qəsrdədi. Köküm hansı əsrdədi? Nəsil gizli, soy gizlidi.
Kimlər getdi, kimlər gəldi? Qayaları kimlər dəldi? Dədəm Qorquddan əvvəldi, Dastan gizli, boy gizlidi.
Demə, şeirin zərifiyəm, Demə, elmin arifiyəm. Demə, sufi, hürufiyəm, Əlif gizli, bey gizlidi. Aşkar olan heç nə yoxdu, Həyatda hər şey gizlidi.