Əsas məzmuna keç

Heca şeiri

Gizli görüşlərin aşkar sevinci

Zəlimxan Yaqub

1

Göz yaşı yanaqda parlayan inci, İşıq dalğalanır, nur cana sığmır. Gizli görüşlərin aşkar sevinci Bir qəlbə, ürəyə, bir cana sığmır.

Söz də gözəlləşir gözəllər kimi, Şehli dodaqlarda daranıb çıxır. Duyğular könüldə yanır zər kimi, Sevginin nurundan yaranıb çıxır.

Gecə də gündüzdü sevişənlərə, Qaranlıq işıqdan min qat işıqlı. Dünya başdan-başa tutulur zərə, Yer sazlı, göy nazlı, qız yaraşıqlı.

Yerin qulağına çatmayaydı səs, Torpaq kar olaydı, daş kar olaydı. Hər xəfif pıçıltı, hər şirin nəfəs, Bircə Yaradana aşkar olaydı.

Ürəklə dalğalar versin baş-başa, Könlümüz çeşməli, dənizli qalsın. Sən Allah, bu sirri açma heç kəsə, Aşkar sevincimiz qoy gizli qalsın!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.