Əsas məzmuna keç

Heca şeiri

Girov

Zəlimxan Yaqub

1

“Gir” ovla deməkdir, bəlkə də, bu söz, Girdilər dağ vurub, daş ovlamağa. Sərhədçi mürgüdə, gözətçi kefdə, Nə var bu yerlərdə quş ovlamağa.

Düyüsü bizimki, yağı bizimki, Zəhəri səpdilər aşımız altda. Başımız üstündə baş olmaq üçün, Balıncı qoydular başımız altda.

Ovuna çıxdılar qeyrətimizin, Ovuna çıxdılar şərəfimizin. Bizim tərəflərin bir yanı getdi, Sağ yeri qalmadı tərəfimizin.

Ceyran bulağım da, Taxta düzüm də, Ovçular əlində bir ovdur hələ. “Külli-Qarabağın abi-həyatı”, Hiylələr torunda girovdur hələ.

Min aqil kişinin belini qırdı, Bir xamın meydanda gədələnməsi. Batmış bir şəhərdən daha ağırdı, Millətin ruhundan zədələnməsi.

Arxa çevirmişik ocaq yerinə, Özgə havalara uyub gedirik. Gələn nəsillərə torpaq yerinə, Bir torpaq davası qoyub gedirik.

Hələ Naxçıvana qatar işləmir, Hələ Naxçıvanın yolları bağlı. Hələ arzusunun yolu çəpərli, Hələ ümidinin qolları bağlı.

Yerdə yerimizi dar eylədilər, Bu gün Naxçıvana göynən gedirik. Karvanlar gedərdi, köçlər gələrdi, İlahi, gör indi nəynən gedirik.

Gözümüz çox şeyi görə bilmədi, Zamanın koruyuq, qarovlarıyıq. Girovumuz təkcə Qarabağ deyil, Aranlı-yaylaqlı, elli-obalı, Hamımız düşmənin girovlarıyıq.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.