Gəzirdim çölləri bir yaz axşamı
Gəzirdim çölləri bir yaz axşamı, Ruhumun, qəlbimin bir saz axşamı, Dünyanın ən xoşbəxt söz adamıydım. Şeirimi çiçəklər oxuyurdular, Arılar, böcəklər oxuyurdular, Səs-səsə vermişdi qarışqalar da, Xallı kəpənəklər oxuyurdular. Enmişdi yanıma göydən mələklər, Tanrılar, fələklər oxuyurdular. Bütün keçmişlərə çatmışdı şeirim, Bütün gələcəklər oxuyurdular.
İnana bilmirdim qulaqlarıma, Quşlar oxuyurdu şeirlərimi. Kəklik də, qartal da söz yarışında, Daşlar oxuyurdu şeirlərimi. Sünbüllü zəmilər dalğalanırdı, Düzlər oxuyurdu şeirlərimi. Oğullar söz açır “yaşıl ağac”dan, Qızlar oxuyurdu şeirlərimi.
Mənim şeirlərim boş dayanmayıb, Çöllərlə danışıb səyyah dilində. Dərdi ürəklərdən çəkib çıxardıb, Xəstəylə danışıb cərrah dilində. Yoxsula həmdəmdi dar komalarda, Sarayla danışıb padşah dilində. Dağ da başa düşür, daş da anlayır, Şair danışanda Allah dilində.
Anam necə dinir, necə danışır, Şeirimi anamın dilində yazdım. Məni dilləndirən, məni dindirən, Sevgimin, sonamın dilində yazdım. Sağlam əqidənin, saf təbiətin, Allaha inamın dilində yazdım. Halal kişilərdən halal söz aldım, Halal bir ilhamın dilində yazdım.
Gözümlə gördüm ki, bir yaz axşamı, Qəlbimin, ruhumun bu saz axşamı Qəlbinə köçürüb təbiət məni, Torpağın, səmanın yaddaşındayam. Buludun, yağışın, otun, yarpağın, Zirvənin, dumanın yaddaşındayam. Dünən yer ayırıb, bu gün yer verib, Tarixin, zamanın yaddaşındayam!
2010, 26 mart