Gəzər
Qar kimi kövrələr, əriyər babam, Ruhu axşam-səhər bağçalar gəzər. Gözü yaşamaqda, özü yataqda, Eşqi dağlar deyər, ucalar gəzər.
Ayların, illərin keçər başından, Qəlbi soyuq olar divar daşından. Evin ortasında taxtın qaşından Körpə uşaq kimi güc alar gəzər.
Yersizdi, dərmanı, davanı neylər, Lap dərman olsa da, havanı neylər. Cavanlıq itirən cavanı neylər, Gözü hara baxsa, qocalar gəzər.
1975, 23 fevral