Getmərəm
Su içmişəm bulağından dağların, Bulaq olub süzülməmiş getmərəm. Yazın xeyli həsrətini çəkmişəm, İntizardan üzülməmiş getmərəm.
Gözüm qalıb naxışında, zehnində, Dayanmışam küləyində, mehində, Qoy islanım yağışında, şehində, Dolusunda əzilməmiş getmərəm.
Vurulmuşam şimşəklərin oynuna, Sığınmışam çəmənlərin qoynuna. Misralarım çiçəklərin boynuna, Muncuq kimi düzülməmiş getmərəm.
Aran anam, yaylaq bacım, dağ atam, Gərək hər gün şirə çəkəm, tağ atam. Şeirim olub düzə ləzzət, dağa tam, Bu yerlərə yazılmamış getmərəm.