Əsas məzmuna keç

Qoşma

Gətirməlidir

Zəlimxan Yaqub

1

Ellər məclisinə şair gələndə Günəşi gözündə gətirməlidir. Bir dünya mənanı, bir dərya eşqi Bir kəlmə sözündə gətirməlidir.

Xalqının şərəfi, adı dilində, Vətən torpağının dadı dilində, Çayı sinəsində, odu dilində, Ocağı közündə gətirməlidir.

İlhamı dağ seli, gözü-könlü tox, Hər sətri namərdə ox olmalı, ox. Şeirini qoynunda, qoltuğunda yox, Özündə, özündə gətirməlidir.

1975, 24 dekabr

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.