Gətirəcəksən
Könül, nə yanırsan, nə yandırırsan, Xalqı bir yönəmi gətirəcəksən? Dilsiz qayaları, səssiz daşları, Səsəmi, ünəmi gətirəcəksən?
Aldılar əlindən yağlı, yavanı, Çəkdilər canından suyu, havanı. Yerinə qaytarıb yurdu, yuvanı, Dağlara binəmi gətirəcəksən?
Nə ad düşündürür, nə san milləti, Çoxalır asdıran, asan milləti. Qayğılar başından basan milləti, Kölgədən günəmi gətirəcəksən?
Yaşadın dərd yeyib, qəm uda-uda, Çağırdın, dadına çatmadı xuda. Yağışsız buludda, axarsız suda, Sünbülü dənəmi gətirəcəksən?
Ürək min parçadı, könül min para, Qarışıb, seçilmir ağ ilə qara, Allahdan danışıb allahsızlara, Dinsizi dinəmi gətirəcəksən?
Bir dərdin həyatda min yazarı var, Dünyanın nə behi, nə bazarı var. Taleyin nə qədər dərd-azarı var, Yığışıb mənəmi gətirəcəksən?