Əsas məzmuna keç

Qəsidə

Gətirdi vəcdə məni qamətin çü sərvi-rəvan

Məhəmməd Füzuli

1

Gətirdi vəcdə məni qamətin çü sərvi-rəvan, Sənə könüldəki meylim ziyad olur hər an.

Qürur ilə yeriyərkən, sənin o qamətinə Kəmalü qədrdə tay yoxdur, ey məhi-taban.

Fənani şərti-məhəbbət sayırsan, ondandır Fənayi-mütləqə məhkum olubdur əhli-zaman.

Ölər məhəbbətinin zövqünü duyan hər kəs, Odur ki, xəlqə ölüm həq sayılmış, ey canan.

Ölən bu zövq ilə zövq əhlidir, kim ölməzsə Bu zövqü bilməz, onun qatili olar hirman.

Sənə baş əyməyə əmvat qalxdı torpaqdan, Səbəb odur ki, gəlib lərzəyə zəminü zəman.

Ağız açınca səsin asimanə səs saldı, Mələklər ərşdə oldu kəlamına heyran.

Tutuldu sehrə bütün yer üzü, nəzər saldın, Dedi: mənəm bu tilismi bütün cahanə yayan.

Sənə baxınca əyan oldu taleyim özümə, Yəqinim oldu nə ilə işim tapar payan.

Görər nə var geridə güzgüyə baxan kəslər, Sənin üzündə mənə qarşı səmt oldu əyan.

Yaxınlaşınca sənə möhnətim olur zayil, Fərağın ilə könül qəmlərim edir tüğyan.

Kəmalə bədr çatınca füzun olar nuri, Qısalsa mənzili, nuri ayın tapar nöqsan.

Büsati-hüsnü qurub, başladın müamiləyə, Sənə təmam vəfa əhli can edər qurban.

Bu ruhu al, mənə vəslini iltifat eylə, Eyib deyil, ağalar etsələr qula ehsan.

Dilin şirindir, o mə’nalı gözlərin sahir, Vətənmi Babil olubdur sənə, sən halvaçısan?

Otursa hər nə qədər dilbər hüsn təxtində, Gözəllər içrə sənə tay tapılmaz, ey canan.

Yaxınlaşar sənə əşrar, uzaqlaşarsan sən, Bu meyldir aranızda çəpər çəkən əl’an.

Məzacın incə yaranmış, təbiətin munis, Yanında isə qurar hiylə min rəzil şeytan.

Lətafət ilə təmizlikdə saf su kimisən, Bu rəsmdir ki, su alçaq yerə axar asan.

Təbiətin gözəlim, incə bir gülə oxşar, Hər incə şey mütəəssir olar, deyil bu yalan.

Zəifdir ürəyim, qorxuram gətirməyə tab, Üzün çıxarsa günəş tək niqab altından.

Gözəllik, ey sənəmim, səndə bir əmanətdir, Əmanəti daşıyar, rəsmdir, əmin insan.

O hüsnü yaxşı qoru, qoyma əl toxunsun ona, Saqın, bu əhli-xətadən yetər həmişə ziyan.

Cahanda görmə rəva zülmü əhli-təqvayə, Təqilərin şəhi yoxsa tutar sənə divan.

O pak imam ki, təsviri-hikmətinə onun Müəyyən etməmiş ariflər əqli bir mizan.

Vəlidir, həm də vəsi, vəsfini deyən yerdə Məarif əhli bu təsvirə tapmamış imkan.

Səvabi-nafilədir cümlə övliya vəsfi, Və leyk, vacib olub vəsfi-sərvəri-mərdan.

Yaratmış inslə cinni xuda bu məqsəd ilə Ki, zahir olmasına ol şəhin ola imkan.

Əli dəxalət edər kainatın işlərinə, Buna icazə veribdir o xaliqi-sübhan.

İradəsi bütün işlərdə sanki bir əldir, O əldə barmağa oxşar təmam kövnü məkan.

Bu varlıq aləmi tutmazdı öz yerində qərar, Onun vilayətinə bağlı olmasaydı cahan.

Edərdi tərk yerin altını cəvahirlər, Bədəndə qalmaz idi ruh qorxudan bir an.

O qəhr ilə bu cahana əgər nəzər salsa, Nizami bərhəm olar varlığın bir anda haman.

Vücudu sülhə dayaqdır, qılıncı düşmən üçün Bəlayi-həqdir, onu nazil eyləmiş yaradan.

Mən ondan özgəsinə üz tutum necə, varmı Bir öylə fəzl tapan ki, ola fəzilətə kan?

Müsavi tutmaq olarmı onunla qəl’ələri, Hanı onun kimi yüksək, onun tək alçaldan?

Xilafətilə müasirləri olub məs’ud, Kim əvvəl ölmüş idi, onun qisməti xüsran.

Xilafətilə müasirləri olub məs’ud, Kim əvvəl ölmüş idi, oldu qisməti xüsran.

Cahanda biz hamıdan bəxtiyar bir xəlqik Ki, görmədən ona əvvəldə bağladıq peyman.

Vəlidir, ancaq hamı övliyadən üstündür, Əlidir, ali məqamilə olmuş alişan.

O, mö’cizatı ilə həq sözünə verdi rəvac, Odur həqiqəti-islamə göstərən bürhan.

Həqiqəti deməsəydi o feyz ustadı, Yəqin qalardı həqiqət uzun zaman pünhan.

Odur ki, həşrə qədər hər işə olub vaqif, Ona həmişə əyandır təmam sirri-nəhan.

Onun inayəti cümlə-cahanə şamildir, Odur həqiqəti vermiş tamam xəlqə nişan.

Sədaqət ilə onu kim çağırsa imdadə, Asan yol ilə çətin işləri tapar səhman.

Onun fəzilətini kim danarsa, cahildir, O şahi mədh edənin müşkülü olar asan.

Vilayətində xudavənd elmi pünhandır, Bu elmi bilməyən Allahını unutmuş, inan.

Vilayətində xuda lütfü aşikar olmuş, Kim olsa qafil, olar qafil həyyi-sübhandan.

İtaətində olan həşrdə nəcat tapar, Xeyir əməllərilə dostları sürər dövran.

O, şahə düşmən olub harda var zinazadə, Doğulmayaydı bu əhli-inad kaş anadan.

Salam ola sənə, ey mərhəmət, səxa kani, Əməllərinə bu dünya sənin olub heyran.

Fəqirü acizü heyran olan Füzulinin, Ümidi lütfünə bağlanmış, ey şəhi-mərdan.

O, səndən özgəsinə dərdini necə açsın? Muradə çatdır, özün eylə dərdinə dərman.

* * *

Lüğət: Qaməti – mövzun – yaraşıqlı boy; Rəvan – gedən; axan; ruh; Qədr – dəyər, qiymət, məziyyət; Məhi – asimani-həşəmət – əzəmət göylərinin ayı; Taban – parlaq; Əhli – raz – sirr əhli, sirdaş; Hirman – məhrumiyyət; Əmvat – ölülər; Zəmin – asiman – yer-göy; Payan – son, nəhayət; Bədr – on dörd gecəlik ay. Məhəmmədin müharibələrindən birinin adı; Füzun – artıq; çox G; Can – ruh, bədən; Dili – tirə – qaranlıq könül, tutqun könül; Sahir – sehr edən; Tab – taqət; işıq; qıvrım; Sənəm – büt; gözəl; Əmin – inanılmış, mötəbər; Vəli – lakin; dost, xələf, mənəviyyatca Allaha yaxın; Nafilə – faydasız, boş; Sərvər – başçı; Kövn – dünya; Kan – mədən yeri; Xüsran – zəlillik; Peyman – əhd, söz; Ali – Əhmədi-Muxtar – Məhəmmədin (s.ə.s.) nəsli; Bürhan – dəlil, sübut; Pünhan – gizli; Vaqif – xəbərdar

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.