Get sönən ocağı təzədən qala
Baxma bu yolların uzaqlığına, Qayıt gəncliyinə, uşaqlığına. Qayıt təbiətin qonaqlığına, Güllər yağa dönsün, çiçəklər bala, Get sönən ocağı yenidən qala.
Kədərdən kövrələr, həsrətdən sınar, Daha da qocalar qocaman çinar. Vaxtında çatmasan, el səni qınar, Ömrünün üstünə bir ömür cala, Get sönən ocağı yenidən qala.
Lap səsin çatsa da ulduza, Aya, Qarış o əvvəlki çeşməyə, çaya. Hər səhər üstünə çıxdığın qaya, Əli çənəsində dalıb xəyala, Get sönən ocağı yenidən qala.
Susub qapı-baca, küsüb ev-eşik, Nə şirin layla var, nə isti beşik. Uçan yuvalara kədərlənmişik, Səninçün darıxır daş-divar, bala, Get sönən ocağı yenidən qala.
Qamçı vura-vura, fit çala-çala, Oraq çəkə-çəkə, ot çala-çala, Meydan zarafatdan, məzədən qala. Şəhərdən dördəlli nə yapışmısan, Get sönən ocağı yenidən qala.
2000, 5 oktyabr