Əsas məzmuna keç

Heca şeiri

Gərək o günlərdən ayrılmayaydıq

Zəlimxan Yaqub

1

İndi çalxanmışıq nehrələr kimi, İndi tozlanmışıq səhralar kimi, İndi bulanmışıq dəryalar kimi. Allahın nuruydu içimizdəki, Birimiz ulduzduq, birimiz Aydıq, Gərək o günlərdən ayrılmayaydıq.

Dilimiz şikayət toranlığında, Qəlbimiz siyasət qaranlığında, Ruhumuz əsarət şoranlığında. Biz nahaq bu ömrü gərəkli saydıq, Tanrısı təmizlik, ruhu gözəllik, Gərək o günlərdən ayrılmayaydıq.

O günlər ömrümün ilk əfsanəsi, Qədəmi uğurlu, səyalı günlər. Gün kimi işıqlı, nurlu, müqəddəs, Gül kimi ətirli, həyalı günlər. Yerə də, göyə də hökm oxuyardı, Göylərə çəkərdi xəyalı günlər.

Dumduru, tərtəmiz bir aləm idi, Halal duyğulardan mayalı günlər. Baş-başa verərdik təbiətlə biz, Nəğməli çeşməydik, nərəli çaydıq. Heyf, könlümüzdən köçdü gözəllik, Gərək, o günlərdən ayrılmayaydıq.

2001, 15 sentyabr

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.