Gərək daş olasan ki
Min bir gülə qonmasan, pətək olmaz, bal olmaz, Özün qayğı çəkməsən, qazancın halal olmaz. Barama sarımasa, tut yarpağı şal olmaz, Necə arısan ki, sən şehi, gülü, yarpağı, çəməni duymayasan?
Dağ kəlinin dizləri harda zora düşəcək, Hansı ocaqda yanıb, harda qara düşəcək, Ceyran harda dolaşıb, harda tora düşəcək? – Necə ovçusan ki, sən aşırımı, gədiyi, bələni duymayasan?
Hər sevənin canında sevgi adlı din gərək, Allaha tapınanın eşqi bizə min gərək. Gözlərin gördüyünü könüllər sevsin gərək, – Necə ürəksən ki, sən ruhu, gözü, nəfəsi, bədəni duymayasan?
Səngərə əsgər gərək, əsgərə silah gərək, Yurda keşik çəkən kəs hər şeydən agah gərək. Əbədi səcdə üçün ulu bir dərgah gərək, – Necə oğulsan ki, sən hər qarışı müqəddəs Vətəni duymayasan?
Hansı düzdən boylanıb, hansı dağa can atdım, Harda sındı ürəyim, harda ürəyə yatdım, Nə dedim, niyə dedim, necə yazdım-yaratdım? – Gərək daş olasan ki, Zəlimxan deyiləndə Sən məni duymayasan.
2005, 18 avqust