Gənclik
Alnında qırış yox, qəlbində qış yox, Dünya nə vecinə dəli gəncliyin. Dünyanı oynadır barmaqlarında, Qayalar tərpədər yeli gəncliyin.
Nəğməyə sirdaşdı, sükuta yaddı, Dildə təravətdi, damaqda daddı. Kükrəsə yağışdı, oynasa oddu, Dağları titrədər seli gəncliyin.
Həyat yollarında bərkiyər, bişər, Güc alar, gücünə güvənər bəşər. Yerlə qucaqlaşar, göylə əlləşər, Allaha yetişər əli gəncliyin.
2006, 19 fevral