Gənc şairin gəlişi
Bu gəlişdə gəncliyimi görürdüm, Nura dönüb, ziyalanıb gəlirdi. Su içmişdi palıdların kökündən, Seldən-sudan mayalanıb gəlirdi.
Xatırladım əvvəlimi, ilimi, Dili mənim danışdığım dil kimi. Arzuları açılırdı gül kimi, Çiçək kimi həyalanıb gəlirdi.
Qara saçı küləklərdən daraqlı, Qaynar qəlbi həqiqətdən çıraqlı. Kökü yerdə, səsi göydən soraqlı, Zirvələnib, qayalanıb gəlirdi.
Sinə gərib qar-borana, dumana, Güvənirdi köksündəki imana. Damla idi, çevrilmişdi ümmana, Zərrə idi, dünyalanıb gəlirdi.
Yandırdığı Səməndərin tüküydü, Götürdüyü ozanların yüküydü. Ruhu Dədə, kökü Qorqud köküydü, Qədəmləri ziyalanıb gəlirdi.
2003, 7 fevral