Gənc şairə
Girmə bu meydana soyuq ürəklə, Köhnə dəmir kimi qızırsansa, gəl. Qarşını kəssə də qayalı dağlar, Qayadan damlatək sızırsansa, gəl.
Beşik böyüdəcək bələk deyəni, Fələkdən üstün de fələk deyəni. Tanrı buyuranı, mələk deyəni, Peyğəmbər dilində yazırsansa, gəl.
Duyğular daşırsa sözün camında, Həyat nurlanırsa könül şamında. Fikir zirvəsində, söz məqamında, İmamsan, Nəbisən, Xızırsansa, gəl.
İşıqsız, ilhamsız bir ömür hədər, Sevgilin düşüncə, sirdaşın kədər. Son dəfə çəkdiyin nəfəsə qədər, Fikir əzabına hazırsansa, gəl.
2004, 9 iyul