Əsas məzmuna keç

Heca şeiri

Gəlmişəm, qoynunda sığınacaq ver

Zəlimxan Yaqub

1

Əzizim sinə-sinə, Çən gəlir sinə-sinə. Aləmə sığmaz başım Sığıbdı sinəsinə.

Peşmandı gülləri dərdirən, dərən, Peşmandı qurudan, peşmandı sərən. Ömür parça-parça, gün pərən-pərən, Nursuz gözlərimə nurlu çıraq ver, Gəlmişəm, qoynunda sığınacaq ver!

Qorlanıb varlığım, odlanıb içim, Sənsiz mən haranı bəyənim, seçim? Ürəklə doldurum, doyunca içim, Qaynar baxışlardan sərin bulaq ver, Gəlmişəm, qoynunda sığınacaq ver!

Qış meydan suladı, ağır gəldi yaz, Kədərim dərindi, sevincim dayaz. Köməşən əlimi qızdırım bir az, Üşüyən qəlbimə od ver, ocaq ver, Gəlmişəm, qoynunda sığınacaq ver!

Qalmaz bir nəsildə, bir soyda dünya, Gah yasda keçinər, gah toyda dünya. Nəyimə lazımdı bu boyda dünya? Başımı qoymağa künc ver, bucaq ver, Gəlmişəm, qoynunda sığınacaq ver!

Sevgidir həyatda hər şeydən baha, Sevənlər üzünü tutar Allaha. Heç nə istəmirəm dünyadan daha, Ürək ver, könül ver, dil ver, dodaq ver, Gəlmişəm, qoynunda sığınacaq ver!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.