Əsas məzmuna keç

Heca şeiri

Gəlmişəm

Zəlimxan Yaqub

1

Alıb çiyinlərimə ömür adlı bir yükü, Qışdan yaza çıxmışam, yazdan yaya gəlmişəm. Yağış kimi hopmuşam torpağın ciyərinə, Süzülüb çeşmələrə, axıb çaya gəlmişəm.

Şimşəklə, ildırımla döyüşüm, davam olub, Könlümdə tufanlarım, başımda havam olub. Qarlı zirvə, dağ döşü, mənim ilk yuvam olub, Gülləri-çiçəkləri saya-saya gəlmişəm.

Dən-dən olub, ələnib, ələyindən keçmişəm, Çərxində fırlanmışam, fələyindən keçmişəm. Beşiyindən çıxmışam, bələyindən keçmişəm, Haqqın mənə verdiyi haqqı-saya gəlmişəm.

Ağladım, gözlərimin yaşını sildi dünya, Qədir ağacı əkdim, qədrimi bildi dünya. Mən ki doğulmamışdım, mənim deyildi dünya, Dünya mənim olanda mən dünyaya gəlmişəm.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.