Gəlləm
Nə hündür, nə uca dağlara çıxdım, Enib bu dağların düzünə gəlləm. Gözümdə gözəllik, başımda hava, Qəlbimdə eşq adlı xəzinə gəlləm.
Duyğular müqəddəs, fikirlər dərin, Duydum mənasını xeyirin-şərin. Yolundan çıxdığım həqiqətlərin Qayıdıb yoluna, izinə gəlləm.
Zirvələr tutqundu, yollar dumandı, Kədər əbədidi, sevinc bir andı. Yaman adamların üzü yamandı, Yaxşı adamların üzünə gəlləm.
Şimşəklər od salar, tufanlar dava, Durular, bulanar, qarışar hava. Qoynuna çağırar məni yurd-yuva, Duru bulaqların gözünə gəlləm.
Qocalıq dilində dinmək vaxtıdı, Budaqdan köklərə dönmək vaxtıdı, Göylərdən yerlərə enmək vaxtıdı, Baş qoyub anamın dizinə gəlləm.
2006, 25 mart