Gəlirəm, Vətən, gəlirəm
Bir ah çəkdim, buz əritdim, Can kürəmdə söz əritdim, Gözləməkdən göz əritdim, Tapılmır itən, gəlirəm! Gəlirəm, Vətən, gəlirəm!
Qəddi əymək vaxtı deyil, Gözün döymək vaxtı deyil, Paltar geymək vaxtı deyil, Geyinib kəfən, gəlirəm! Gəlirəm, Vətən, gəlirəm!
Qayaları dizi bilsin, Bulaqları gözü bilsin, Kim gəlməsə, özü bilsin, Səfərdəyəm mən, gəlirəm! Gəlirəm, Vətən, gəlirəm!
Daş üzlərin şilləsiyəm, Key başların gülləsiyəm, Son qələbə pilləsiyəm, Qalxıb haqqa tən, gəlirəm! Gəlirəm, Vətən, gəlirəm!
Sinəmin üstə silahım, Başımın üstə Allahım, Açıl, ey qalib sabahım, Olub tunc bədən, gəlirəm! Gəlirəm, Vətən, gəlirəm!