Gəlir
Payız yavaş-yavaş görür işini, Qar birdən ələnir, qış birdən gəlir. Demə nə yatmışam, nə yuxu görəm, Yuxu birdən gəlir, duş birdən gəlir.
Güc gərək yer üstə möhkəm durmağa, Hər oğul çıxammaz meydan qurmağa. İgid arxasını yerə vurmağa, Kəllə birdən enir, döş birdən gəlir.
Dərman axtarırsan dərdə, tapılmır, Namərdə bol olan, mərdə tapılmır. Sən xeyir gəzəndə bir də tapılmır, Şər ayaq alanda beş birdən gəlir.
Şirin ləzzəti var, acı tamı var, Qaralan çırağı, sönən şamı var. Bu qoca dünyanın iki camı var, Dolu birdən gedir, boş birdən gəlir.
Nə ürək hasardı, nə ömür qala, Torpağın üstündə bir lövbər sala. Təbib qarşı gələ, yara sağala, Yenə can ağrıya tuş birdən gələ.
Nə qıza sirr verir, nə də oğula, Nağıla bənzəyir, dünya nağıla. Başa nə gələcək, gəlir ağıla, Qəza birdən olur, iş birdən gəlir.
Fikirlər içində boğulur insan, Göl kimi quruyur, soğulur insan. Bəzən də sınaqda doğulur insan, Başına ağılla huş birdən gəlir.
1978, 19 dekabr