Əsas məzmuna keç

Müxəmməs

Gəlir

Aşıq Ələsgər

1

Yetişib bahar fəsli, Yar Leyli dağından gəlir; Sanki Fərhadın Şirini Sürüdən, sağından gəlir; Dəstində lalə, nərgiz, Behiştin bağından gəlir; Sallanıb ala gözlüm Sərin yaylağından gəlir; Alvızın tərlanı tək Yenə ovlağından gəlir.

Sona tək sığallanıb, Bəzək veribdi başına; Gözünə siyah sürmə Vəsməni yaxıb qaşına; Təzəcə yetmiş olar On beş, on altı yaşına; Allahın əziz bəndəsi Gəlir hər kəsin xoşuna; Tərifi düşüb ellərə Hamı sorağından gəlir.

Gəzmişəm, görməmişəm Belə boyu bəstə xanım; Camalın bayram ayı, Görən düşər xəstə, xanım! İnciməm qədəm qoysan Əgər gözüm üstə, xanım! Cəllad kimi giribsən Can almağa, qəsdə, xanım! Məcnunun çöllər gəzib, Sənin fərağından gəlir.

Necə yayınır, çalxanır, Göllərin sonasına bax! Başında herat kalağay, Altının cunasına bax! Tanrı bəxtəvərinin Əlinin xınasına bax! Boynunda mina silsilə, Zülfünün şanasına bax! Tökülüb burma birçəyi, Ucu qulağından gəlir.

Qövr eylədi köhnə yaram, Gözüm gördü yarı yenə; Alışdı, təzələndi Sinəmin dağları yenə; Qoynu Cənnət bağıdı; Yetişibdi barı yenə; Bimürvət, Ələsgərdən Əsirgər nübarı yenə; Müşkü ənbər qoxusu Onun buxağından gəlir.

Aşıq Ələsgər
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.