Gəlir
Bu gün xəyalımdan gör nələr keçir, Yadıma keçmişim, dünənim gəlir. Elin bayramında, elin yasında Kərəmtək alışıb sönənim gəlir.
Dilimin ləzzəti, sözümün tamı, Ad verib, dad verib oxşar adamı. Bağrıma basıram Qorqud atamı, Qopuzla danışıb dinənim gəlir.
Odu Dəmirçioğlu, odu Xan Eyvaz, Koroğlu dilində şirin bir avaz, Bir əlində qılınc, bir əlində saz, Yenilməz ordular yenənim gəlir.
Arxamda dayanıb min ər oğlu, ər, Məni qorxudammaz nə böhtan, nə şər, Çiynində Aynalı, yanında Həcər, Bozatın yalına sinənim gəlir.
Elə ki, mizrabı çəkirəm simə, Bir himə bənd olur, ellər bir himə. Mənim köməyimə, mənim fikrimə, Hər gün yeddi arxa dönənim gəlir!