Gəlin, dostlarım, gəlin!
Ayrılıq çağı gəldi, Gəlin, dostlarım, gəlin! Ölüm ayağı gəldi, Gəlin, dostlarım, gəlin!
Torpağa varış gəldi, Əcəllə barış gəldi, Haqqa yalvarış gəldi, Gəlin, dostlarım, gəlin!
Vaxtın üzü boz oldu, Kəfənimiz bez oldu. Ayrılıq çox tez oldu, Gəlin, dostlarım, gəlin!
Baxışda bulud yükü, Könüldə sükut yükü, Çiyində tabut yükü, Gəlin, dostlarım, gəlin!
Dağı aşmaq vaxtıdı, Dilin çaşmaq vaxtıdı, Halallaşmaq vaxtıdı, Gəlin, dostlarım, gəlin!
Çəkin bir az nazımı, Dilləndirin sazımı, Qıldırın namazımı, Gəlin, dostlarım, gəlin!
Axşam oldu sabahım, Keçin, varsa günahım. Bağışlasın Allahım, Gəlin, dostlarım, gəlin!
2003, 28 noyabr