Gəlin
Geyinibsən tər əndama Tər-təzə libası, gəlin! Bil, məni valeh elədi Qaşların qarası, gəlin! Günəş tək camalının Yayılıb ziyası, gəlin! Yaxşıların yaxşısısan, Gözəllərin xası, gəlin! Aşığı şövqə gətirdi Hüsnün təmənnası, gəlin!
Necə gözəl bələnib Zənəxdanın xala sənin; Qənd əzilib dəhanına, Ləblərin piyala sənin; Qaşın qüdrətdən çəkilib, Bənzəyir hilala, sənin; Buxağın dağlar qarıdı, Yanaqların lala sənin; Şəhla gözlərin eyləyib, Billah, məni ası, gəlin!
Boyun minadan çəkilib, Qəddü-qamətin nə gözəl! Ağılın, huşun, dərrakən, Sözün, söhbətin nə gözəl! Xasiyyətdə yoxdu tayın, İşin, adətin nə gözəl! Sədan düşüb hər mahala, Şanu-şövkətin nə gözəl! Gözlərindən həya eylər Göyün sürəyyası, gəlin!
İnanmıram kamalına Həkimi-loğman yetişə; Bəlkə, səndən əlac ola, Xəstəyə dərman yetişə; Mərifətdə, qanacaqda Hanı sənə can yetişə; Kənar gəz seyraqubdan, Qoyma ki, böhtan yetişə; Amandı, uyma sara, Tərlanın sonası, gəlin!
Gəlməsən məclisimə, Məclisimdə dövran olmaz; Elə fərman verirsən ki, Şahda belə fərman olmaz; Qurbanın olan çoxdu Mənim kimi qurban olmaz; Sənin tək behişdə də Huri, mələk, qılman olmaz; Bir sənsən yer üzünün Xub mələkzadası, gəlin!
Hər baxışın canlar alır, Qəmzələrin qandı, gözəl! Mürvət elə aşiqinə, Öldürmə, amandı, gözəl! Kərəm Əslidən ötəri Atəş tutub yandı, gözəl! Fərhad Şirinin yolunda Gör necə qurbandı, gözəl! Sən məni Sənan elədin, Tərsalar tərsası, gəlin!
Bəzənib sallanırsan, Göldə üzən sona kimi; Süzdürüb ala gözləri, Baxırsan biganə kimi; Yandırdın hüsnün şamına Sən məni pərvana kimi; Dolandım səhraları Bir dəli-divana kimi; Ələsgəri Məcnun etdi Eşqinin sevdası, gəlin!