Gəlin
Səhər-səhər seyr eyləyək, Dağda yatan qarı, gəlin. Asta-asta yeriş yeri, Gəl şad eylə yarı, gəlin. Can dedikcə can eşidək, Həyatından yarı, gəlin. Ağdiyarın, ağsinənin, Ələ dəysin narı, gəlin. Yarıyaq, yaddan çıxaraq, Hər dərdi, azarı, gəlin.
Çaylar keçək, yallar aşaq, Qarış-qarış dağı gəzək. Hər yanı seyrə çıxaq, Yaxşı keçən çağı gəzək. Ələ keçən deyil hər an, Canın, qanın sağı, gəzək. Dərələrdə çiçək dərək, Ətirli yaylağı gəzək. Elə ki, azca incidin, Gedək sizə sarı, gəlin.
Qış ayları yaxşı keçər, Şən gətirər yaza səni. Din aşığın sinəsində, Tel eyləsin saza səni. Can alar canan yerişin, Yaraşdırar naza səni. Çətin, aşiq tay eyləyə, Dəstə-dəstə qıza səni. Dil ağızda qara yansın, Desə sənə qarı, gəlin.
Nazlı yarı gəzən yerə, Aşiq yana-yana gələr. Yetişəndə həsrətinə, İl xəstəsi cana gələr. Hər çiçəkdən şirə çəkər, Arı yenə şana gələr. Əl dəyəndə əllərinə, Həyat Zəlimxana gələr. İki canın hərarəti, Sel eyləyər qarı, gəlin!