Gəlibdi
Xəstə könül dərdü qəmdən ayıldı, Bu gün məclisimə bir can gəlibdi. Şöləsi aləmi edib münəvvər, Zahir deyil, özü pünhan gəlibdi.
Onun bu gəlməyi gör nəyə bənzər; Nə xana, sultana, nə bəyə bənzər, Misirdən gəlmiş bir köynəyə bənzər, Kənanda Yaquba dərman gəlibdi.
Ələsgər görcəyin candan usanıb, Camalından şəmsü qəmər utanıb, Nə behiştdə bu cür qılman yaranıb, Nə dünyaya belə insan gəlibdi.