Əsas məzmuna keç

Qoşma

Gələr

Zəlimxan Yaqub

1

Sənin gəlişinlə gülər taleyim, Öz hökmüm, öz vaxtım, öz anım gələr. Uzanar məclisim səhərə qədər, Söhbətə Qorqudum, ozanım gələr.

Heyranam vurduğu hər incə xala, Mümkünmü qəlbimdə bir nisgil qala. Sevincim sel olar, inamım qala, Dərdin pərənini pozanım gələr.

Hələ gözümdədi neçə arzu-kam, Sənin eşqinədir yandırdığım şam, Səninlə hər zaman baharam, yazam, Döndərsəm üzümü, xəzanım gələr.

1974, 23-26 mart

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.