Əsas məzmuna keç

Qoşma

Gələr

Zəlimxan Yaqub

1

Kövrək duyğuların yeri ürəkdir, Fikir başdan gələr, beyindən gələr. Sel döşdə kükrəyər, su yerdən çıxar, Yağış Yaradanın göyündən gələr.

Dözəni igiddi, ərdi dünyanın, Daşıyır yükünü mərdi dünyanın. Göynədər insanı dərdi dünyanın, Yanğı kamanından, neyindən gələr.

Yaylağın suları axar sərindən, Dənizin incisi çıxar dərindən. Səadət tanrının Peyğəmbərindən, Fəlakət insanın keyindən gələr.

Çiçək torpağındı, ulduz göyündü, Sel şıltaq, yel dəli, od ərköyündü. Allahın neməti löyün-löyündü, Xörəyi gör neçə löyündən gələr.

Çiyinlər zamanın yükünə bağlı, Səs kökə bağlıdı, kök ünə bağlı. Nə var, Zəlimxanın kökünə bağlı, Nə var, Zəlimxanın soyundan gələr.

2000, 24 mart

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.