Gələcək nəsil
Gəl, sabahın gözüylə baxaq bu sərt günlərə, Kim xalqa necə baxdı, bilər gələcək nəsil! Yaxşı-yaman nə varsa, bir-bir seçər, ayırar, Bizimlə hesabını bölər gələcək nəsil!
Əməli düz olanlar üz qoyar gül üstünə, Ocağı söndürənin tökülər kül üstünə. Daşları qoyulmasa sağlam özül üstünə, Bu günə baxa bilməz, ölər gələcək nəsil!
Bayquşu buraxanda qartalın yuvasına, Əl-qol açıb süzəndə yadların havasına, Başımız qarışanda vəzifə davasına, Gülməli günümüzə gülər gələcək nəsil!
Süfrəsində həmişə zəhərlənmiş aş görər, Anaların gözündə can yandıran yaş görər, Biz biqeyrət olanda arxasını boş görər, Yetim quzular kimi mələr gələcək nəsil!
Dəniz kimi qabarar, dalğa kimi köpürər, Alar süpürgəsini, zibil kimi süpürər, Torpağı satanların sifətinə tüpürər, İzini yer üzündən silər gələcək nəsil!
Qəlbi təmiz, eşqi saf, ağlı duru saxlasaq, Xətainin gözündə yanan nuru saxlasaq, Qarabağı, Göyçəni, Zəngəzuru saxlasaq, Üz tutub bizə doğru gələr gələcək nəsil!
İliyimiz, qanımız tutsa halaldan maya, İnadımız sədd olar bəndini qırmış çaya. Əqidələr önündə nə daş dözər, nə qaya, Yetmiş yeddi dağ olsa dələr gələcək nəsil!