Gəldin
Bu nağıldır, adəmzad, sən bu məkana gəldin, Əvvəl atan belindən sızıb nihana gəldin, Ondan anaya varıb, bir qətrə qana gəldin, Anada surət olub, bu şirin cana gəldin, Doqquz ayı ötürüb, enib cahana gəldin, Əmib ana südünü, böyüyüb, dona gəldin.
Yaradan qüdrətindən diş ilə dəhan verdi, Sözləməyə söz ilə dəhanda zəban verdi, Könlün gedib hər yana, durdu, ayağın yürdü, Bildin yaxın-yadını, gözün dünyanı gördü, Yeddi-səkkiz yaşında atan mollaya verdi, Oxub Quran kitabı, yetişib ona gəldin.
On beş yaşa varanda cavanlığa boylandın, Qız-gəlinə meyl edib, könül verib küyləndin, Guya varıb ağ öyün dörd daşına dolandın, Haqqın fərmanı ilə axır bir gün öyləndin, İyirmi yaşa vardın, əsbabını şaylandın, Bədəv minib, səyridib, sürüb meydana gəldin.
Otuz yaşa varınca, sanki bir alğır şirsən, Dünya qəmi başında, guya yürüb, yelirsən, Dünyaya doymaq yoxdur, olunca olsun dersən, Əhli-müsəlman olsan, ölüncə halal yersən, Qırxında tövbə edib, bir mürşidə əl versən, Könlünü birə bağlar, əziz sübhana gəldin.
Əlli yaşa varanda, doğruluqda olarsan, Kobudluqdan ayrıldın, incəliyi bilərsən, Hər necə cəfa çəksən, axır bir gün ölərsən, Beş vəxt dua oxuyub haqqa şükür qılarsan, Altmış yaşa varanda, qocalığı bilərsən, Əkən əkinin biçıb, oraq-ormana gəldin.
Yetmiş yaşa varanda, qanın qaçar üzündən, Ağ dişlərin tökülər, şölə gedər gözündən,
Qüvvət səndən ayrılar, gücün qaçar dizindən, Heç kişi hədər etməz, söylədiyin sözündən, Səksən yaşa varanda, könlün keçər özündən, Gedər olub dünyadan, yaxasız dona gəldin.
Məxdumqulu, möhnətdir hər kim doxsana yetsə, Kəm-kəm gələr cahana əgər yüz yaşa yetsə, Heç kimdən haray olmaz əcəl yaxanı tutsa, İmanını qazansan, yolunu rəvan etsə, Axır olacağın budur – tənin yer ilə yatsa, İşığı, tünlüyü yox, qaranlıq xana gəldin.