Gəldim
Ata belindən düşdüm, ana rəhminə gəldim, Qırx kövn ilən çıxıb, bir zərrə qana gəldim, Bir mahiyi-bicanam, dərya-ümmana gəldim, Dörd ay, on dörd saətdə dirildim, cana gəldim, Doqquz ay tamam oldu, onda cahana gəldim.
Atam-anam sevdilər, götürdülər qucağa, Geyimlərim geydirıb, bələdilər qundağa, Gahi iməkləyərdim, gah durardım ayağa, Ana südün əmərdim, dönərdim sola-sağa, İki yaşa yetəndə, yeməyə nana gəldim.
Üç yaşıma yetəndə, oynayıban gülərdim, Beş yaşıma varanda, anadan zad dilərdim, Yeddi yaşa yetəndə, dost-düşmənim bilərdim, Doqquz yaşa yetəndə, beş vaxt namaz qılardım, On yaşıma yetəndə, ədəb-əkrana gəldim.
On ikidə hər kəsə qanrılıb söz qaytardım, On üç yaşa yetəndə, ağır məclis tutardım, On beşimə yetəndə, tiri-tüfəng atardım, On yeddiyə varanda, eşq sevdasın güdərdim, Eşqin sevdası ilən sürüb, meydana gəldim.
On yeddidən keçəndə şöhrət öyünə girdim, Aldım bir nazənini, zövq ilə səfa sürdüm, Bu qönçeyi-gülzarın əlvan gülünü dərdim, İyrimiyə yetəndə, fələk cəbrini gördüm, Fələk aldı yarımı, əcəl qəmxana gəldim.
Otuza girdi ömrüm, girdim tiri-kamanə, Könül xüruç eylədi, oldum dəli-divanə, At minib, yaraq tutub, sürüb girdim meydanə, Rüstəmi-dastan kimin savaş qıldım mərdanə, Qırxa yetəndə ömrüm, oxub Qurana gəldim.
Qırxdan ötər olanda, getdim əlli yaşıma, Gəldi ölüm nişanı, rəxnə girdi işimə,
Hər kim qarı deyərdi, heyran qaldım dişimə, Qocaldım, düşkün oldum, qovğa gəldi başıma, Ələ əsa götürüb, doğru məkana gəldim.
Altmışa getdi ömrüm, görməz oldu gözlərim, Qocaldım, düşkün oldu, qışa döndü yazlarım, Mənim sözüm etməzlər həm oğul, həm qızlarım, Aləmə xoş gəlmədi mənim şirin sözlərim, Aləmə yalvarmaqdan düşdüm, amana gəldim.
Yetmişə vardı ömrüm, ağlar idim zari-zar, Gözümdən yaş gedərdi misli əbri-növbahar, Qulaqlarım qapanıb, gözlərim tutdu qubar, Başıma yığıldılar qohum-qardaş, hər kim var, Geyimlərim soyuldu, təxti-rəvana gəldim.
Yatır idim bəstərdə, nagah Əzrayıl gəldi, Bülbül dilim bağlanıb, qızıl üzlərim soldu, Yüz min cəfa-cəbr ilən cismimdən canım aldı, Dünyanı puç keçirdim, bütün ərmanım qaldı, Gəldi ölüm nişanı, əcəl qəmxana gəldim.
Mürdəşir qol çırmayıb, meyidimi yudu pak, Ağac ata mindirib, etdilər ol suyi-xak, Əzrayılın cəngindən ruhum oldu çak-çak, İki gürzlü, toppuzlu, zəhmnak və qəzəbnak, Ruhum təslim etdilər, dirildim, cana gəldim.
Soruşdular: «Ey adəm, de, görüm, halın nədir, Dünyadə xeyr etmədin, bu qeylü qalın nədir, Getdin şeytan yoluna, cavab-sualın nədir, İndi torpaq altında, elmi-kəmalın nədir», Gürzü saldı təpəmdən, çaki-həmana gəldim.
Candan dedim: «Ya, Əli!» tapıldı Şahi-mərdan, Ağeyi-müşkül güşad, ol əmiri-möminan, Məxdumqulu der, canım desən sən ona qurban, Ol Münkəri-Nikirlər durmadılar bir zaman, Orda rəbbimi görüb, doğru məkana gəldim.