Əsas məzmuna keç

Heca şeiri

Gəldim

Zəlimxan Yaqub

1

Mən yerin altdan çıxdım, Mən yerin üstdən gəldim. Bir ucu göyə bağlı, İlahi səsdən gəldim.

Ruhum halal mayadan, Mayam nurdan, ziyadan. Dağdan, daşdan, qayadan, Dəmirdən, misdən gəldim.

Haray sazı, ün sazı, Ömür sazı, gün sazı, Sinəmdə türkün sazı, Dilimdə dastan gəldim.

Mənəm haqqın aşığı, Söz haqqın yaraşığı. Eşqim Allah işığı, Haqq adlı dostdan gəldim.

Gözüm nəmin yuvası, Könlüm qəmin yuvası, Can sitəmin yuvası, Ələmdən, yasdan gəldim.

Suya döndüm içildim, Yola döndüm keçildim, Gülə döndüm açıldım, Oldum gülüstan, gəldim.

Buludlardan üzüldüm, Çiçəklərə düzüldüm, Füzulidən süzüldüm, Axdım Yunusdan, gəldim.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.