Gəldi bayram ki, ola dəf’ qəmü dərdü məlal
Gəldi bayram ki, ola dəf’ qəmü dərdü məlal, Aça şadlıq qapısın ta ki, kilid ilə hilal.
Çatıb ol vəqt ki, cahan xürrəm olub şadlıq edə, Açıla əhli-dilin ruyinə bir babi-cəlal.
Əməlin Xizri, məhəbbət çölünün təşnəsinə, Içirə dəsti-kəramati ilə abi-zülal.
Aça bu dövr təvəkkül yolunun aclarına, Müxtəlif ne’mət ilə dolmuş olan süfreyi-hal.
Çatdıra dövri-fələk məqsədə hər möhtacı, Pərdeyi-hicrə daha düşməyə bir dəm də vüsal.
Ortada hökm sürən bunca məlamət yığışa, Qaça qəm, şadlıq isə tapmaya aləmdə zəval.
Keçə günlər belə şadlıqla, kədərsiz, qəmsiz, Əqlü idraka isə tapmaya yol nəqsü xəlal.
Pak olan qətrəsi gər düşsə onun bir səmtə, Allahın mərhəmətindən ora düşməz də vəbal.
Xoş o gün kim, dil ürəklə bir olub əzm eləyə, Nəki pəjmürdə ola hökm eləyə qeyl ilə qal.
Mə’rifət me’racının mənbəri üstündə xətib, Dil açıb söyləyə ta mənqəbəti-Heydəri-Al.
Elm dəryası Hüseyn ibn-Əlidir, bunu bil, Mə’rifət əhli deyir: ondadır hər fəzlü kəmal.
O şəhin gər qəzəbi düşsə çahar ərkanə, Məhv olar cümləsinin nəzmü nizami dərhal.
Qeyz ilə baxsa əgər gərdiş edən dövranə, Dağılar nəzmi-fələk, nəcmi-səma, mah ilə sal,
Olmasa eşqi onun, xəlqə nicat ümmidi yox, Düşmənin isə xilas olması bir əmri-məhal.
Iki aləm qapısın açdı rəqibin üzünə, Kim qalıb düşməninin halına bir o minval.
Lakin o, qeyzə gəlib düşməninə əl açsa, Şığıyar sanki şikar üstünə birdən qartal.
Yararaq bağrını bir həmlədə məhv eylər onu, Eyləyər qanını hər yırtıcı heyvanə həlal.
Gər fələk istər isə dərk eləyə xeyri şəri, Bir onun təsbihi üstündə açar sidq ilə fal.
Dərgəhində quluna qibtə edər Rizvan da, Cənnətə bənzər onun dərgəhi firdövs misal.
Qapısında qul olar xidmətinə amadə, Ona tə’zimə düşər cümlə mələklər dərhal.
Olmasaydı ona xidmət həvəsi, ömründə Heç açarmıdı səma içrə məlayik pərü bal?
Qorxuram yadə salım kim, tökülüb qanı nahaq, Qorxuram qərq eləyə canımı bu əşki-məlal.
Gər çatarsa nəzəri göydəki səyyarələrə, Nəhs olarmı o sitarə ki, deyir hər rəmmal.
Mərhəmət əbri onun atsa yerə bir qətrə, Əl açıb bəhri-mühitlər edəcək onu sual.
Yolu üstündə tozu qalxsa göyə, hər ulduz Sürtəcək gözlərinə ol tozu bir sürmə misal.
Bircə sənsən bu cahan içrə belə aliqədr, Yoxdur aləmdə sənin tək belə fərxəndə xisal.
Kim cəsarətlə baxar səndə olan idrakə, Kim açar rütbən üçün qibtə ilə çeşmi-xəyal?
Səbri bitmiş bu Füzuli diləməz, ey şahim, Səndən özgə birinə söyləyə, o hal-əhval.
Olmasa mədhin əgər, bağlaya öz ləblərini, Hərzə sözdən çəkinib də qala bir guşədə lal.
Lütfünə vardır ümidim, ona bel bağlamışam, Gəl məni – xəstəni sən lütf edərək yadına sal!
Var ümidim, nə qədər dövr edəcək çərxi-fələk, Duracaqdır bulud altında vüqar ilə cibal,
Başımız üstünə sayə sala feyzi-nəzəri, Sorasan lütf ilə hər dəm bu zəifdən əhval.
* * *
Lüğət: Hilal – yeni çıxmış ay; Xürrəm – şad, sevinc; Əhli – raz – sirr əhli, sirdaş; Dili – tirə – qaranlıq könül, tutqun könül; Əməl – arzu; iş; Dəst – əl; Abi – rəvan – axar su, çay; Zülal – saf, duru; Dəm – qan; zaman; nəfəs; ah; söhbət; Məlamət – məzəmmət, danlaq; Dil – ürək; Pəjmürdə – solğun, pərişan; Qal – söz; Nəcm – ulduz; Mah – parə – ay parçası; Sal – il; Qanı – hanı; Rizvan – behiştin xəzinəsi, cənnət; Amadə – hazır; Bal – qanad; Nəhs – uğursuz; Əbri – neysan – neysan buludu; Bəhri – bipayan – ucsuz-bucaqsız dəniz; Fərxəndə – xoşbəxt; uğurlu; Çərxi – çənbəri – dairəvi səma; Sayə – kölgə