Əsas məzmuna keç

Qoşma

Gəl gedək

Zəlimxan Yaqub

1
Dünya duracaq yer deyil, Ey can, səfər eylə. Nəsimi

Köçünü dağlara sürdük, tanıdıq, Hər cür meyvəsini dərdik, tanıdıq, Bu dünya buydusa gördük, tanıdıq, Gəl gedək, gəl gedək, gəl gedək, lələ.

Ürək ağrıdadı, könül sancıda, Kimdi talanmayan bu talançıda. Kim ölüb haqdadı, kim yalançıda, Gəl gedək, gəl gedək, gəl gedək, lələ.

Yorub bu yolları, yorğunlar gedib, Məcnunlar, Məftunlar, Vurğunlar gedib. Bu dünya üstündə qırğınlar gedib, Gəl gedək, gəl gedək, gəl gedək, lələ.

Dünya geyiləsi bir əba deyil, Dünya dartılası araba deyil, Dünya düzələsi xaraba deyil, Gəl gedək, gəl gedək, gəl gedək, lələ.

Ah çəksək, ahımız fələyə çatmaz, Gücümüz daşınan şələyə çatmaz, Kərəmin harayı Lələyə çatmaz, Gəl gedək, gəl gedək, gəl gedək, lələ.

2006, 5 mart

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.