Əsas məzmuna keç

Gəraylı

Gəl bir pirə xidmət eylə

Şah İsmayıl Xətai

1

Gəl bir pirə xidmət eylə, Əmək zaye olmaz ola. Mürşid ətəgin möhkəm tut, Kimsəlindən almaz ola.

Bir işi bitirmək gərək, Əksigin yetirmək gərək, Yar ilə oturmaq gərək, Heç bir şəmmə gəlməz ola.

Bir soyu soylamaq gərək, Bir acı doylamaq gərək, Bir dildən söyləmək gərək, Firiştələr bilməz ola.

Ğayət çabuq olmaq gərək, Dəryalara dalmaq gərək, Bir gövhəri bulmaq gərək, Dəgmə sərraf bulmaz ola.

Gerçək aşiq olmaq gərək, Mə’şuqini bulmaq gərək, Ölməzdən ön ölmək gərək, Varıb onda ölməz ola.

Bir quş olub uçmaq gərək, Bu mə’nanı seçmək gərək, Bir qədəhdən içmək gərək, İçənlər ayılmaz ola.

Bir baxçaya gəlmək gərək, Xub təfərrüc qılmaq gərək, Bir gül ələ almaq gərək, Hərgiz ol gül solmaz ola.

Gəl, Xətayi, sən keç otur, Də’vani mə’nayə yetür, Söhbətinə bir ər götür. Cana, başa qalmaz ola.

Lüğət: Firiştə – mələk, çox gözəl; Çabuq – qıvraq, iti, yeyin; Bulmaq – tapmaq; Dəgmə – təsadüfi, hər yetən; Uçmaq – behişt; Xub – yaxşı; Təfərrüc – gəzinti, qəm-qüssəni dağıtma; Hərgiz – heç vaxt

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.