Gəl
İlahi, eşit məni, Ün salmışam ərzə, gəl! Niyə sənə yetişmir, Mən yazdığım ərzə, gəl!
Ayran coşdu, yağ itdi, Düz əridi, dağ itdi. Bizi yedi, dağıtdı, İlan, əqrəb, gürzə, gəl!
Yel kimi yollarda əs, Tələs, gəlməyə tələs. Öz əlinlə özün kəs, Bitsin hədyan, hərzə, gəl!
Baxıb, seyrə gəlməsən, Xeyrə-şərə gəlməsən, Enib yerə gəlməsən, Sallam göyə lərzə, gəl!
Çoxdu zəhər içirən, Çoxdu ocaq keçirən. Sən deyən, mən köçürən, Olum haqqa mirzə, gəl!
2002, 31 mart