Gedəsiyəm mən
Qol açıb qoynuna çağırır məni, Bağlıyam torpağa, heyranam suya. İstərəm gecəni gündüzə qatıb, Tapşıram ömrümü hissə, duyğuya.
Uçam üfüqlərdə, üzəm sularda, Hər yerə, hər yurda yeriyəm gələm. Qar olub döşlərdə sellərə dönəm, Düzlərin qoynuna əriyəm gələm.
Bir əsrin dizini yerə qoysa da, Kim istər həyatdan çəksin gözünü. Ürək istəməzmi coşsun, qaynasın, Dodaq istəməzmi desin sözünü.
Dünən babamındı, sabah nəvəmin, Bu günün öz vaxtı, vədəsiyəm mən. Dünyaya ürəyi dolu gəlmişəm, Qəlbimi boşaldıb gedəsiyəm mən.
1976, 25 may