Gedəsən
Yatma bu yollarda, yolçu qardaşım, Gərək bu yerləri görüb gedəsən. Söz alıb güllərin gül dodağından, Nəğmələr çələngi hörüb gedəsən.
Bağla öz meylini bəndə, bərəyə, Göz yummaq olarmı bu mənzərəyə? Bir dəfə verilir ömür hərəyə, Gərək meyvəsini dərib gedəsən.
Yatmağa gəlmədin sən bu həyata, İnanma sozalan mənzilə çata. İnsafmı, yuxular başını qata, Ömrünü yellərə verib gedəsən?
Alışıb-yanmasan gur ocaq kimi, Eşqin gül açmasa bu torpaq kimi, Qorxuram dünyaya bir qonaq kimi, Elə qərib gəlib, qərib gedəsən!