Gedərəm
Alovlar içində alışar ömrüm, Qəlbimi odlara yaxıb gedərəm. Dünya yanağında yaşı saxlamaz, Dönüb göz yaşına, axıb gedərəm.
Varlığı dəyişib yoxluğa, heçə, Kim istər həyatda başından keçə. Baxranam bağlanıb yüklənər köçə, Şələmi-şüləmi yığıb gedərəm.
Əkdiyin gülləri dərib gəlmişəm, Hər kimə borcum var, verib gəlmişəm. Həyat qapısından girib gəlmişəm, Ölüm qapısından çıxıb gedərəm.
1997, 27 dekabr