Gedənlərə rəhm eyləsin haqq bir az
Çox baxmısan şəhərlərin rənginə, Dön indi də bu dağlara bax bir az. Əcəl səni keçirməmiş çənginə, Diril bir az, durul bir az, ax bir az, Dön indi də bu dağlara bax bir az.
Bulud kimi oyna dağın başında, Şimşək kimi gurla bir az, çax bir az. Çiçəklərin gözlərinin yaşında, Diril bir az, durul bir az, ax bir az, Şimşək kimi gurla bir az, çax bir az.
Ana yurdun obasına qayıt gəl, Həsrətini yandır bir az, yax bir az. Tərlan quşun yuvasına qayıt gəl, Gedənlərə rəhm eyləsin Haqq bir az. Diril bir az, durul bir az, ax bir az, Dön indi də bu dağlara bax bir az.
2003, 30 oktyabr