Gedəcək
Bu dünya fanidır, tutmaz binanı, Bu dünyaya gələn keçib gedəcək. Kimdir kainatda tutan cahanı, Tutanın əllərin açıb gedəcək.
Şirin-şirin salar hesaba dünya, Acı-acı qoyar əzaba dünya, Yetilməz, tutulmaz bu qəhbə dünya, Tutdum-tutdum desən, qaçıb gedəcək.
Dövrlər dolanar, gərdişlər dönər, Neçələr köçərlər, neçələr qonar, Neçənin məşəli təzədən yanar, Neçənin çırağı sönüb gedəcək.
Kimi haqdan qorxub, rəngi saralıb, Kimi dünya qovar, yüyürüb, yetib, Kimi yüz həsrətdə, kimisi gülüb, Kimi gözdə yaşın saçıb gedəcək.
Kimi bəyliyində düşməz eyvandan, Kimi yoxsulluqda yox olar candan, Kimi haram bilib, tez qaçar bundan, Kimi araq, şərab içib gedəcək.
Kiminin həyatı işrətdə keçib, Kimisi haramı halaldan seçib, Kimi fərq qoymadan hər işi edib, Gözü bağlı quş tək uçub gedəcək.
Kim qaçsa düşəcək fələk dalına, Dodağın həsrətdir dünya malına, Bir gün orağını alıb əlinə, Quru-yaş demədən biçib gedəcək.
İki gün xoş olsa, üç günü vaymış, Neçəsi mənzilmiş, neçəsi caymış,
Bu dünya sanki bir karvansaraymış, Gələn yük yazdırıb, keçib gedəcək.
Məxdumqulu deyər, tikan yox, gül yox, Nə igid, nə qoca, nə şah, nə qul yox, Dilənçi, dərməndə, bay yox, yoxsul yox, – Hamı yer qoynunu qucub gedəcək.