Əsas məzmuna keç

Heca şeiri

Gecikmiş etiraf

Zəlimxan Yaqub

1
Dünyanın gözəl yerlərini gördükcə zor və silah gücünə əlimizdən alınan gözəlliklərin itkisi məni dəhşətə gətirir

Arımı yemişəm, ar itirmişəm, Bir dağam, zirvəmdən qar itirmişəm. Qarabağ görkəmdə dünya gözəli, Şuşa yaraşıqda yar itirmişəm, – Öldürün, öldürün, öldürün məni.

Üstə duz səpilmiş yaramdı dünya, Mənə yas, düşmənə bayramdı dünya. Tək bircə Kəlbəcər gedibsə əldən, Mənim kimisinə haramdı dünya, – Öldürün, öldürün, öldürün məni.

Günah işlətmişəm, səhv eyləmişəm, Səhvimlə özümü məhv eyləmişəm. Torpaq unudulub, yurd yaddan çıxıb, Qaniçən düşməni əfv eyləmişəm, – Öldürün, öldürün, öldürün məni.

Qatil sifətinə şilləm olmadı, Cəllad sinəsinə gülləm olmadı. Fürsəti boşuna verdim əlimdən, Ağlım işləmədi, kəlləm olmadı, – Öldürün, öldürün, öldürün məni.

Kərəmim ağılsız, Əslim günahkar, Lələm, tərbiyəçim, nəslim günahkar. Qələbə çalanı bəyənməsək də, Məğlub günahkardı, təslim günahkar, – Öldürün, öldürün, öldürün məni.

Ağladanım çoxdu, güldürənim yox, Gücüm var, gücümü bildirənim yox. Gözüm kölgəlidi, başım aşağı, Çoxdan öləsiyəm, öldürənim yox, – Öldürün, öldürün, öldürün məni.

Qaldıra bilməsəm igidlərini, Dirildə bilməsəm şəhidlərini, Müqəddəs ruhların üstündən keçib, Düşmən tapdalasa meyitlərimi, “Qana qan” deyəndə məndən tez durub, Oğlum eşitməsə öyüdlərimi, Öldürün, öldürün, öldürün məni.

Düşmən at oynadıb Cıdır düzündə, Bizi kökümüzdən qoparacaqsa, Dərib göy çəməndə xarı bülbülü, Yadlara hədiyyə aparacaqsa, Zaman götürəndə süpürgəsini “Qeyrətsiz” damğası vurub üstünə, Bizi zibil kimi süpürəcəksə, Gələcək nəsillər Vətənsiz qalıb, Bulaqsız, yaylaqsız, çəmənsiz qalıb, Bizim qəbrimizə tüpürəcəksə, Hər iki cahanda cəhənnəmdəyəm, – Öldürün, öldürün, öldürün məni!

Məni basdırmağa fürsət verməyin, Qəbir qazanlara zəhmət verməyin. Keçməsin heç kəsdən əziyyət mənə, Qəti layiq deyil bu xidmət mənə. Atın meyitimi, atın çöllərə, Qurd-quşa yem olan bir cəmdək kimi. Məni keçmiş kimi unutsun ellər, Yadına salmasın gələcək kimi. Torpaq itirəni torpaq götürməz, Ancaq igidlərə yer versin Vətən, Ancaq şəhidlərə yer versin Vətən. Qarabağ dərdinə dərman yoxdusa, “Qaytarın!” hökmündə fərman yoxdusa, Ölmürsə ruhuma qənim olanlar, Mənim olmadısa mənim olanlar, Sabahı görməyən sözdədir günah, Səndədir, məndədir, bizdədir günah, – Öldürün, öldürün, öldürün məni.

2004,4 noyabr İstanbul

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.