Əsas məzmuna keç

Heca şeiri

Gecədə

Zəlimxan Yaqub

1

Şam ağlayır, dəftər gülür, qələm yazır, əl sevinir, Həmsöhbətəm bir şairlə baş-başa qalmış gecədə. Həmsöhbətəm, körpələri yatıb şirin bir yuxuda, Gözəlləri fikrə gedib, xəyala dalmış gecədə.

Uzaq yollar yolçusuyam, sözdü yüküm, sözdü şələm, Dildə zikr, başda fikir, ürəkdə od, əldə qələm. Gah Yunusam, gah Qorqudam, gah Ələsgər, gah Veysələm, Duyğuları bir saz kimi könlümü çalmış gecədə.

Talesizlər taleyinə göz yaşları ələmişəm, Bir ney kimi nalə çəkib, quzu kimi mələmişəm. Neçə-neçə ağ varağı qara rəngə bələmişəm, Söz yanında üzüm ağdı rəngi qaralmış gecədə.

2001, 7 yanvar Altıağac

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.