Əsas məzmuna keç

Qoşma

Gec olur onda

Zəlimxan Yaqub

1

Telefon söhbəti beş dəqiqədir, Mənim günümə bax, vaxtın həddinə. Bu söhbət bir çaxım şimşəkdir, nədir?! Necə sığışırıq vaxt sərhədinə?

Dil açır bir xəttin iki tərəfi, O yanda Borçalı, bu yanda Bakı. Ömrümün, günümün şanı-şərəfi, Anamın səsidir qulağımdakı.

Xəstəhal olsa da, deyir – yaxşıyam, Yamanca gizləyir əzablarını. Ömrün vəfasına inanmasa da, Sevincə bürüyür cavablarını.

Sözün havasında bilirəm yenə, Üzündə nisgillər oxunur indi. Ana barmaqları oğul yerinə, Buztək “telefon”a toxunur indi.

Qalır gözü yolda, qulağı səsdə, Ağrıyır ürəyi, üzülür canı. Saxlaya bilmirəm gözümün üstə, “Gözümə torpaq tök”, – deyən insanı!

Hayıf! Özümüz də bilmirik hələ, Nədir qazancımız, nədir karımız. Gəzirik şəhərdə belədən-belə, Dəstəkdən asılıb analarımız!

Dönürük başına qar yağan dağa, Ürəyə zor düşür, güc olur onda. Nə vaxt ki, düşürük ələ-ayağa, Gec olur, gec olur, gec olur onda!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.