Gec açılmasın
Çəkilmək istəmir dan qaranlığı, Açılmaq istəmir bu səhər, nəsə... Günəşsiz darıxır göylərin tağı, Üzür ürəyimi bu qəhər, nəsə...
Elə bil gözümdə ümidlər solub, Böyüyüb meydanı nisgilin, yasın. Heç kəsin istəyi tərsinə dönüb, Heç kəsin səhəri gec açılmasın.
Vaxtsız ayrılığın ağrıdır məni, Mənim yar sovqatım, yar payım hanı? Niyə çoxalmasın saçımın dəni, Qızıla tutulan çarpayım hanı?
Pəncərə açmağı salmıram yada, Qapılar bağlanıb, qarlı bir qışam. Ağlamaq kişiyə yaraşmasa da, Mən onu özümə yaraşdırmışam.
1978, 4 sentyabr