Əsas məzmuna keç

Müxəmməs

FÜZULİNİ TƏXMİS

Seyid Əzim Şirvani

2

Qədəhlərdə hübab-asa könül düşmüş həvalərdən, Şərabi-nabsız dil Kəbəsi düşdü səfalərdən, Qutarmaz, olmayınca məst, eşq əhli bəlalərdən, «Kərəm qıl, kəsmə saqi, iltifatın binəvalərdən, Əlindən gəldigi xeyri diriğ etmə gədalardən».

Dəri-dilbərdə hasildirmi əhli-eşqin amali Və ya dəsti-fələkdən məntək olmuş qüssə pamali, Məni, hal əhlisən, bir hal ilə qıl haldən hali, «Səba, kuyində dildarın nədir üftadələr halı, Bizim yerdən gəlirsən, bir xəbər ver aşinalərdən».

Şikəstə kaseyi-çini misali, bir sədamız yox, Sınıq neytək həvadən düşmüşük, bir dəm nəvamız yox, Səba, ol gül bədəndən nameyi-rahətfəzamız yox, «Əsiri-qürbətiz, bir səndən özgə aşinamız yox, Ayağın kəsmə, başınçün, bizim möhnətsəralərdən».

Tənuri-çeşmimə gərdun qılıb tufan təlqini, Sirişki-çeşmi-xunbarımdan almış səbrü təmkini, O sərvin təlx badaminə verdim cani-şirini, «Təbiba, xaki-kuyi-yardəndir əşk təskini, Mənə artırma zəhmət, göz yaşarar tutiyalərdən».

Qəsəm piri-müğanə, parisalər peyrəvi olmam, Bu qovmi-xudfüruşü xudnümalər peyrəvi olmam, Həqiqət əhliyəm, əhli-riyalər peyrəvi olmam, «Girib məscidlərə gər müqtədalər peyrəvi olmam, Budur vəchi ki, hərgiz görmədim üz müqtədalərdən».

Müqimi-Kəbə Sənanın görəydi yari-tərsasın, Salardı boynuna zənciri-giysuyi-çəlipasın, Köz aç, ey bibəsər, hər yerdə gör həqqin təcəllasın, «Demə zahid ki, tərk et simbər bütlər təmaşasın. Məni kim qurtarar tanrı sataşdırmış bəlalərdən».

Visali-xirmənindən etmədim bir xuşə də hasil, Visalə yetməgim düşvar, hicrə dözməgim müşkil, Nə öldüm qurtarım kim, mən nə oldum vəslinə vasil, «Fələkdir mehri zail, yar qafil, ömr müstəcil, Nədir tədbir bilməm, canə yetdim bivəfalərdən».

Qoyub hüsnün təmaşasını hərgiz meyli-mah etmən, Bu yüzdən nameyi-əmalımı hərgiz siyah etmən, Nə gündür kim, qübari-asitanən səcdəgah etmən, «Vücudum ney kimi surax-surax olsa ah etmən, Məhəbbətdən dəm urdum, incimək olmaz cəfalərdən».

Deməm ki, lütfüvü çox, ya ki, cövrü zülmü az eylə, Açıb zülfi-siyahın Seyyidin ömrün diraz eylə, Həqiqət xahiş etsən, məşqini eşqi-məcaz eylə, «Füzuli, nazəninlər görsən izhari-niyaz eylə, Tərəhhüm umsa eyb olmaz gədalər padşalərdən».

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.