Əsas məzmuna keç

Gəraylı

Fürsət verdi Allahımız

Zəlimxan Yaqub

1

Nəfəs verdik, nəfəs aldıq, Dağlar əlacımız oldu. Bircə anda unudulan, Ağzımız, acımız oldu.

Cavanlığa qayıtdı yaş, Gözdə qəm yox, ruhda təlaş. Öpdüyümüz hər qara daş, Kəbəmiz, hacımız oldu.

Göylərə dəydi başımız, İtiləndi yaddaşımız. Məğrur qaya – qardaşımız, Tər çiçək bacımız oldu.

Dünya yenə həmən-həmən, Duyğulardı şehdə çimən. Naxışlı düz, yaşıl çəmən, Əriş-arğacımız oldu.

Günəş bizi tutdu zərə, Cənnətimiz hər dağ-dərə. Döndük dağda peyğəmbərə, Göyə meracımız oldu.

Fürsət verdi Allahımız, Güldü axşam-sabahımız. Gözəllər könül şahımız, Gözəllik tacımız oldu.

2003, 29 sentyabr

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.