Əsas məzmuna keç

Qəsidə

Fəzliyə nəsihət

Məhəmməd Füzuli

1

İstərdim aləmin işini etmək imtahan, Oldum bu məqsəd ilə cahan seyrinə rəvan.

Əvvəlcə düşdü bir bağa nagəh yolum mənim, Oldu qəribə işlər o bağda mənə əyan.

Gördüm o cümlədən qoca bağban bəhər üçün, Ümmidlə, qayğı ilə əkib bir cavan fidan.

Sə’y eyləmiş o vəqtə qədər ki, budaq verib, Yarpaq açıb, şükufə yetirmiş ağac haman.

Meyvə ki, əsl məqsəd idi zahir olcağın, Əvvəl şükufədən o qida aldı bir zaman.

Ayrıldı bir qədər böyüyüncə şükufədən, Yarpaqla şaxədən o qidalandı durmadan.

Ə’zasinə ağacdan onun su rəvan idi, Tamsız, yetişməmiş böyüyüb boy atan zaman.

Həddi-kəmalə çatmadan o, meyvə daima Üstündə idi ol ağacın şad, kamiran.

Dəydi, ağacla bir-birinin ziddi oldular, Rəng ilə ətri verdi bu ziddiyyəti nişan.

Meyvə ağacdan incədir, ətri ziyadədir, Olmaz ağacda meyvədəki ətr bigüman.

Ayrılmalıydı meyvə ağacdan dəyən kimi, Verməz təbiət heç kəsə bu hökmlə aman.

Meyvə dərilməz isə ağacdan, bu qaydadır, Dövran əlilə hər ikisinə yetər ziyan.

Həm meyvəni əzib, çürüdüb məhv edər hava, Həm də dəyər ağac başına daş zaman-zaman.

Yoxdursa meyvədə ağaca ehtiyac əgər, Meyvə ağacda tutmamalı boş yerə məkan.

Dinlə məni, ağıllı balam, diqqət ilə sən, Bu incə nüktə sirrini ta eyləyim bəyan.

Salsan həqiqət aləminə yaxşı bir nəzər, Sən meyvəsən, mən isə ağac, dəhr busitan.

Dünya bağında hər ağacı bəsləmək üçün, Qəddi bükük fələk özüdür piri-bağibani.

Yarpaq, şükufə, şaxə əgər bilməsən nədir, Arvadla malü mülküm idi, ey əzizi-can.

Qoydun o gün ki, sən bu cahan mülkünə qədəm, Can şirəsilə cisminə verdi qida anan.

Süddən ayırdı çün səni dövran dayəsi, Malımla, mülküm ilə tapardı tənin təvan.

Möhtac idin mənə nə qədər ki, həyatda sən, Məndən səvay bilməz idin yari-mehriban.

Sərf eylədim yolunda bütün ömrümü, bu gün Qaldırmısan qürur ilə baş göylərə yaman.

Cismim zəifləşincə göründü yüküm ağır, Məndə bəlanı çəkmək üçün qalmamış o can.

Gənclik üzündən işlədiyin hər əməl üçün Yetməzmi tə’nə vurdu mənə hər qoca, cavan?

Udsam bu qəmləri, ey oğul, qorxuram öləm, Rüsvay olaram, qorxuram, etsəm əgər fəğan.

Ey feyzinin kəmali edən qədrimi füzun, Ey izzəti mənə sayılan şövkət ilə şan!

Səndən səvay yoxsa da candan mənə əziz, Dırnağı ətdən üzməyə qalmış bu gün güman.

Meyvə ilə ağac bizə də bir nümunədir, İbrət götür, gözəl deyilibdir bu dasitan.

Yox meyl səndə çün mənə həmdərd olmağa, Mümkün deyil səninlə olaq yari-həmzəban.

Bəsdir, mənə əzab ilə baş əyməyin yetər, Bəsdir, məzəmmətimlə mənim bağrın oldu qan.

Tutmaz dəxi səninlə mənim ittifaqımız, Mən bir ovuc sümük, sən isə tazə gülsitan.

Yoldaşlığım tutarmı səninlə mənim bu gün, Sən bir çevik cavan, mənəm piri-natəvan.

İstərsən aləmi tutasan bir qılınc kimi, Qın pərdəsində bəs nə üçün qalmısan nəhan?

Mənsiz yaşa, qazan özünə hörmət, e’tibar, Mən maneyəm, yoxunsa bu gün nam ilə nişan.

Şahin balasının var əgər seydə qüdrəti, Əlbəttə, məsləhətdir edə tərki-aşiyan.

Bir lə’l kan içində kəmalə çatıb əgər, Hökmi-təbiət ilə gərək qalmasın nəhan.

Dünyanı nəzmə salmaq üçün hikmət oldu bil, Hər söz ki, söyləmiş bu Füzuliyi-natəvan.

Lüğət: Rəvan – gedən; axan; ruh; Şükufə – çiçək; Bigüman – şəksiz, şübhəsiz; Bala – yüksək; Nüktə – dərin mənalı söz; Dəhr – zaman, dünya, aləm; Can – ruh, bədən; Yari – can – sədaqətli dost; Əməl – arzu; iş; Füzun – artıq; çox G; Həmzəban – dilbir; Natəvan – gücsüz, zəif; Nam – ad, şöhrət; Aşiyan – yuva; Kan – mədən yeri

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.