Əsas məzmuna keç

Qəsidə

FƏRHAD MİRZƏYƏ

Seyid Əzim Şirvani

2

Ey könül, bir müjdə ver kim, cismə ondan can gəlir, Can çıxar şövq ilə istiqbalə kim, canan gəlir.

Bu haman fəsli-humayundur çıxıb Mizandən, Bürci-Əqrəb seyrinə xurşidi-nurəfşan gəlir.

Bürci-mizandan gələn xurşidi-rəxşandır və ya Sahəti-İrandan şahi-fələkfərman gəlir.

Ya Süleymandır büsat üzrə və ya Kənandən Ərzi-didar etməyə Misrə Məhi-Kənan gəlir.

Verdilər dün müjdə kim, məhruseyi-Tehrandən Sahəti-Qafqazə bir şəhzadeyi-dövran gəlir.

Xosrovi-şirinzəban Fərhad Mirzə kim, bu gün Şəkkəri-mədhilə tutitək mənə əlhan gəlir.

Bağlayıbdır Kəbeyi-məqsudə ehrami-səfa – Kim, minayi-eşqdə zibh etməyə qurban gəlir.

Zilli-həqdir Nasirəddin şəh, bu anın sayəsi, Sayeyi-sultanda müzmər sayeyi-yəzdan gəlir.

Əhli-islamı sərəfraz etməyə hər səfhədə Lütfi-həqq, bürhani-mütləq, ayeyi-Quran gəlir.

Lütf ilə feyzi-qüdumindən bu rizvanbargah Etməyə Rusiyyə mülkün rövzeyi-rizvan gəlir.

Həbbəza, ey dövləti-Rusiyyə, fəxr et kim, sənə Bir hümayi-övci-istiğna bu gün mehman gəlir.

Seyti-ədliylə bu gün məmlüvv edib əfaqı kim, Söyləyirlər tazədən Şirvanə Nuşirvan gəlir.

Bistümi-mahi-siyami eydi-Şəvval et, könül – Kim, bu gün Şirvanə ol Mehrü Zühəl dərban gəlir.

Mən deməzmidim, könül, qəm çəkmə dərdi-fəqrdən – Kim, olur bir gün ki axır dərdüvə dərman gəlir?

Mən deməzmidim ki, qalmaz çox da bijən çahdə, Qurtarırsan qüssədən çün Rüstəmi-dəstan gəlir?

Daim olmaz səfheyi-aləmdə Keyvan cilvəgər, Müştəri iqbal edir, ol gövkəbi-rəxşan gəlir.

Daim olmaz şahidani-bağ Bəhməndən təbah, Açılır gülşəndə güllər, mövsümi-niysan gəlir.

Daim olmaz Yusifi-Kənanə qəhti-müştəri, Bir əzizi-Misr olur peyda, şəhi-saman gəlir.

Şükrlillah, gəldi bir şəhzadeyi-vala gühər – Kim, səxasın gər görə Hatəm, gözündən qan gəlir.

Ey fələkçakər ki, hər gün dərgəhi-əfzalüvə Əl açıb sailliyə yüz Hatəmü Neman gəlir.

Sənsən ol xaqangühər kim, mətbəxi-ehsanüvə Kasə əldə Çindən Fəğfur ilə Xaqan gəlir.

Gər səni Qeysər desəm, vardır qüsuri nəzmimin, Gər səni Kəsra desəm, əlbəttə, kəsri-şan gəlir.

Gər desəm xurşidi-rəxşansan, zəvalım var mənim, Gər desəm mahi-fələksən, söz mənə nöqsan gəlir.

Bilmişəm, ey məzhəri-əsmai-hüsna kim, nəsən, Gərçi fikri-bikrimə hər ləhzə bir ünvan gəlir.

Aləmi-nasut üçün qövsi-nüzulin teyy edib, Surəti-insan ilə dünyayə bir rəhman gəlir.

Ey riyazi elminin aləm ara İqlidisi, Məktəbi-təlimüvə dərs almağa Loğman gəlir.

Versələr əhbabüvə gər zəhr lütfündən sənin, Zəhri-qatildən xəvasi-çeşmeyi-heyvan gəlir.

Düşmənin gər abi-kövsər içsə guya zəhr içər, Dideyi-bədxahüvə baği-cinan niran gəlir.

Sərvəra, alinəjada, şahi-gərdun rüfəta, Ey ki, vəsfindən təni-əfkarə hər dəm can gəlir.

Mövsümi-əhyadə gəldin xitteyi-Şirvanə sən, Mürdələr ehyasına həqdən bu gün fərman gəlir.

Barilaha, bu səfər olsun mübarək kim, sənə Bu səfərdən buyi-xeyir, ey şahi-zil ehsan, gəlir.

Yavərim ol, qıl bu gün lütfünlə ehya Seyyidi – Kim, sənə məhşər günü yavər şəhi-Mərdan gəlir.

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.