Fərhad külüngünün xatası yoxdu
Çörək nə lazımdı, su nə gərəkdi, Hər gün öz içini yeyən adama. Libas axtarmayın, paltar gəzməyin, Dərdi paltar kimi geyən adama.
Kimiyə gül verir, çiçək göstərir, Kimiyə od vurur, şimşək göstərir. Zaman addımbaşı dirsək göstərir, Dizini yoxuşlar döyən adama.
Arxası, anası, atası yoxdu, Gülləri saralıb, butası yoxdu. Fərhad külüngünün xatası yoxdu, Başı daşdan-daşa dəyən adama.
2007, 13 iyul